BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Yevlaxda “Ailə Akademiyası” layihəsinə start verilib – FOTO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Yevlax şəhər İcra Hakimiyyəti ilə birlikdə “Ailə Akademiyası” layihəsinin Yevlax rayonu üzrə açılış tədbiri keçirilmişdir.

İstixeber.info xəbər verir ki. tədbirdə Gəncə, Naftalan, Mingəçevir şəhərlərinin, Yevlax, Göygöl, Samux, Goranboy, Tərtər, Ağstafa, Daşkəsən, Gədəbəy, Tovuz, Qazax, Şəmkir rayonlarının bələdiyyə sədrləri, psixoloq, din xadimi, həkim, hüquqşünas, nümunəvi ailələrin nümayəndəsi, ağsaqqal, ağbirçək, bu istiqamət üzrə fəaliyyət göstərən QHT nümayəndələri iştirak etmişdir.

Əvvəlcə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Yevlax şəhər İcra Hakimiyyəti ilə birgə təşkilatçılığı ilə keçirilən tədbir açıq elan edilib. Sonra qonaqlar nümayiş olunan sərgiyə baxıblar.

Komitənin sədr müavini Aynur Sofiyeva çıxış edərək “Ailə Akademiyası” layihəsinin ictimai əsaslarla yaradıldığını və əsas hədəfin gənclər, yeni qurulan ailələr və sosial aktivliyi zəif olanlar olduğunu qeyd edib. Daha sonra A.Sofiyeva bələdiyyələri bu işdə daha fəal olmağa səsləyərək bildirib: “Azərbaycanda 1600-dən çox bələdiyyə var. Bələdiyyələrin aktivliyi sayəsində il ərzində bir milyondan çox insan təbliğat və maarifləndirmə işinə cəlb oluna bilər. Bu layihə əhalinin ölkədə baş verən prosesləri öyrənməsinə, aktuallaşmasına və öz hüquqlarını bilməsinə yardım edəcək. Qarşıda duran ən vacib məsələlərdən biri mənəvi saflığın əldə olunmasıdır. Bu sahədə mütəxəssislərin üzərinə çox böyük öhdəliklər düşür. Qloballaşma ilə özünütəcrid arasında ortaq məxrəcə gəlmək, kənardan olan təsirlərin qarşısının alınması üçün gənclərdə sosial immunitetin yaranmasına dəstək olmaq əsas istiqamətlərdəndir. Fundamental milli-mənəvi, ailə dəyərlərini qoruyub saxlanılması, ona konservativ yanaşaraq gələcək nəsillərə çatdırılmasında yaxından iştirak etmək hər birimizin borcudur.

Layihədə evdar qadınların da müzakirələrə cəlb edilməsi nəzərdə tutulub. Onlara cəmiyyətə faydalı vətəndaş yetişdirmək üçün öhdəlikləri və vəzifələri izah olunmalıdır. Vətənpərvərlik hisslərinin yeni nəslə aşılanması, onların sağlam ruhda böyüdülməsi üçün hər kəsi birgə fəaliyyətə çağırıram.”

Tədbirdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini Elnarə Məmmədova layihənin həyata keçirilməsində əsas məqsədin gənclər, qadınlar, xüsusilə, yeni qurulan ailələr, sosial iştirakçılığı zəif olan insanların aktual mövzular ətrafında sosioloq, psixoloq, hüquqşünas və digər ekspertlərdən faydalı məlumatlar əldə etməsinə və öz fikir və təkliflərini birbaşa çatdırmasına kömək etmək olduğunu qeyd edərək deyib: “Layihə çərçivəsində bələdiyyə orqanlarında yerli sakinlərin iştirakı ilə görüşlərin il ərzində mütəmadi olaraq keçirilməsi nəzərdə tutulub. Bu işdə bələdiyyələrin üzərinə böyük məsuliyyət düşür. Əgər bir ay ərzində 60 nəfər müzakirələrdə iştirak etsə, o zaman bir il içində respublikada hər 9 nəfərdən biri maariflənəcək. Bu, eyni zamanda bələdiyyə orqanlarının yerlərdə nüfuzunun daha da artmasında da faydalı olacaq.

“Ailə Akademiyası” genişmiqyaslı maarifləndirmə layihəsi çərçivəsində görüşlər cəmiyyət üzvləri ilə aktiv dialoq şəklində baş tutacaq. Belə ki, ayın ilk ongünlüyündə sosioloq-psixoloq vasitəsilə məlumatlandırma olacaqsa, ikinci ongünlükdə artıq sağlamlıqla bağlı informasiya veriləcək, üçüncü ongünlükdə isə hüquqşünas məsləhətləri dinləniləcək.”

Daha sonra tədbirdə çıxış edənlər layihənin əhəmiyyətindən, müasir gənclərin üzləşdiyi ictimai aktivlik problemlərindən, Azərbaycanda qadın hüquqlarından, onlara verilən dəyərdən, keçmiş və indiki ailədaxili münasibətlərin müqayisəsindən, boşanmalar və səbəblərindən, məişət zorakılıqlarından, düzgün ailə təməlindən danışaraq örnək ailə nümunələrindən bəhs ediblər və bunun ailə dəyərlərini qorumaq və möhkəmləndirmək istiqamətində atılmış mühüm addım olduğunu vurğulayıblar.

Tədbirdən fotoları sizlərə təqdim edirik

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26