BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Şəki “İpək Yolu” X Beynəlxalq Musiqi Festivalı keçirilir


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

İyunun 29-da Azərbaycanın qədim sənət və mədəniyyət mərkəzlərindən olan Şəkidə növbəti musiqi bayramı – Şəki “İpək Yolu” X Beynəlxalq Musiqi Festivalı başlayıb. Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Bəstəkarlar İttifaqının və Şəki rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən festivalda Türkiyə, Rusiya, Macarıstan və Qazaxıstanın, həmçinin Azərbaycanın tanınmış musiqi və teatr kollektivləri, istedadlı musiqiçilər iştirak edirlər.

İstixeber.info AZƏRTAC-a istinadən xəbər verir ki, festivalın təntənəli açılış mərasimi “Yuxarı Karvansaray” mehmanxana kompleksində keçirilib. Mərasimdə Şəki rayon İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək qədim mədəniyyət mərkəzlərindən olan Şəkinin beynəlxalq festivalların keçirilməsi üçün gözəl məkan olduğunu, onun artıq “festivallar şəhəri” kimi tanındığını bildirib. Qeyd edilib ki, hər il bu şəhərdə keçirilən beynəlxalq festivallarda dünyanın bir çox xarici ölkələrindən gələn musiqi kollektivləri, sənətçilər iştirak edirlər. “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı isə Şəkinin mədəni həyatında çox böyük hadisədir. Festivallar Şəkinin turizm potensialının genişləndirilməsi və beynəlxalq səviyyədə tanıdılmasında mühüm rol oynayır.

Ölkəmizdə mədəni irsin qorunub saxlanmasına, xalqımıza xas zəngin mədəniyyətin təbliğ olunmasına daim yüksək diqqət və qayğı göstərildiyini bildirən Elxan Usubov Prezident İlham Əliyevin və Birinci vitse-prezident, UNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın bu sahədə gördüyü işlərin əhəmiyyətini vurğulayıb.
Festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü, Xalq artisti, UNESKO-nun Sülh artisti Firəngiz Əlizadə çıxış edərək möhtəşəm musiqi bayramı kimi gözəl bir ənənəyə çevrilən və artıq onuncu dəfədir keçirilən Şəki “İpək Yolu” Beynəlxalq Musiqi Festivalının bu dəfə də şəkililərə və qonaqlara unudulmaz anlar yaşadacağını bildirib. Firəngiz Əlizadə deyib: “Bu il Şəki “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı artıq 10 illik yubileyini qeyd edir. Əsrarəngiz sənət aləmi ilə dinləyiciləri daim valeh edən, müxtəlif mədəniyyətlərin füsunkar təbiət qoynunda qovuşduğu bu məkanda yenə də dünya musiqi sənətinin parlaq nümunələrindən ibarət rəngarəng konsert proqramları təqdim ediləcək”.

Bəstəkarlar İttifaqının sədri bildirib ki, ilk festivalda olduğu kimi, ənənəvi olaraq 10-cu yubiley festivalının proqramı da dahi bəstəkar Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasının “Yuxarı Karvansaray” tarixi memarlıq abidəsinin fonunda tamaşası ilə başlanır. “İnanırıq ki, musiqi, dostluq və həmrəylik bayramına çevriləcək bu festival yenə də insanların qəlbində gözəl duyğular, silinməz təəssüratlar yaradacaq”, – o bildirib.

Rəsmi hissədən sonra Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdimatında Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası açıq havada nümayiş
olunub. Tamaşanın quruluşçu-rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, dirijor və xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.
Tamaşada Leyli obrazını Rəvanə Əmiraslanlı, Məcnun obrazını isə Əməkdar artist Elnur Zeynalov canlandırıblar. Operada, həmçinin Dövlət Akademik Opera və Balet Teatrının xoru və solistləri iştirak ediblər.

Tamaşaçılar tərəfindən alqışlarla qarşılanan operanın sonunda Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə quruluşçu-rejissor Əməkdar incəsənət xadimi Hafiz Quliyevə “Üzeyir Hacıbəyli” medalını, həmçinin kollektivə festivalın simvolunu təqdim edib. Festival çərçivəsində iyunun 30-da günorta saatlarında Şəkinin folklor ansamblının konserti olub.
Şəki "İpək Yolu" X Beynəlxalq Musiqi Festivalı keçirilirŞəki "İpək Yolu" X Beynəlxalq Musiqi Festivalı keçirilir

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26