BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

POS-terminalları niyə yoxdur?


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

POS-terminalları  niyə yoxdur?

Bu barədə İstixəbər.info olaraq qısa bir araşdırma aparmağa qərar verdik.

Azərbaycanda ödəniş sistemlərinin təkmilləşdirilməsi, nağdsız ödəmələrin azaldılması istiqamətində tədbirlər mütəmadi olaraq davam etdirilir. Ticarət və digər iaşə mərkəzlərində POS-terminalların quraşdırılması bu tədbirlərin tərkib hissəsidir. Ancaq müşahidələrimiz deməyə əsas verir ki, hazırda ölkədə bu prosesin həyata keçirilməsi olduqca ləng aparılır. Çünki, nə sahibkarlar, nə də ki banklar belə mexanizmin tətbiqində maraqlı görünmürlər. Hətta bəzi banklar sözügedən mexanizmin reallaşmasında mühüm rol oynayan plastik kartlar üçün həddən artıq yüksək məbləğdə depozit tələb edir. Xatırladaq ki, Prezident İlham Əliyevin elektron xidmətlərin genişləndirilməsi və hesablaşmalar zamanı POS-terminallara üstünlük verilməsi barədə tapşırığı ilk növbədə qara mühasibata qarşı idi. Dövlət başçısının göstərişinə əsasən, bütün iaşə məntəqələrində post-terminallar, yəni plastik kartlarla ödəməni həyata keçirən cihazlar quraşdırılmalıdır. Təəssüf ki, paytaxt Bakı da daxil olmaqla respublika ərazisinin əksər hissəsində hələ də POS-terminallar quraşdırılmayıb. Quraşdırılan POS-terminalların isə hamısı xidmət göstərmir.

POS-terminallar hansı qaydada quraşdırılır? 
Məsələnin digər tərəfi ondan ibarətdir ki, bir çox vətəndaş hələ də bu prosesdən demək olar ki, xəbərsizdir. Hətta banklarda POS-terminalların pullu olduğu barədə deyilənlərə inananlar da var. Bəs qanun nə tələb edir? Nazirlər Kabinetinin qərarı ilə “Azərbaycan Respublikasının ərazisində POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydaları” və “POS-terminallar quraşdırılacaq obyektlərin müəyyənləşdirilməsi meyarları” təsdiq edilmişdir. Bu Qaydalar ticarət, məişət və digər növ xidmətlərin göstərilməsi zamanı müştərilərlə hesablaşmaların aparılması, habelə vergilərin və dövlət orqanları tərəfindən göstərilən xidmətlərə (işlərə) görə dövlət rüsumlarının və haqlarının ödənilməsi üçün təsərrüfat subyektlərində POS-terminalların mərhələlərlə quraşdırılması, qeydiyyatı, istifadəsi, habelə POS-terminalların tətbiqi ilə bağlı digər münasibətləri tənzimləyir. Qaydalara əsasən Vergilər Nazirliyi qanunvericiliyə müvafiq olaraq POS-terminalların quraşdırılması tələb olunan sifarişçiyə məxsus bütün təsərrüfat subyektlərinə bildiriş göndərir. Sifarişçi bildirişi aldıqdan sonra on iş günü müddətində POS-terminalın quraşdırılması üçün bank ekvayerə müraciət etməlidir. Bank ekvayer sifarişçinin müraciətinə sənədlər təqdim edildikdən sonra üç iş günü müddətində baxır. Bu müddətdə bank ekvayer POS-terminalın quraşdırılması üçün texniki imkanların yoxlanması məqsədilə təsərrüfat subyektinə yerində baxış həyata keçirə bilər. Qeyd edək ki, sənədlər tam və düzgün təqdim edilmədikdə, bank ekvayerin təsərrüfat subyektində quraşdırmaq üçün POS-terminalı olmadıqda və bu, texniki səbəblərdən mümkün olmadıqda bank ekvayer POS-terminalın quraşdırılmasından imtina edə bilər. Bank ekvayer quraşdırmadan imtina etdikdə, imtinanın səbəbləri qeyd olunmaqla, elektron və ya kağız daşıyıcısında Vergilər Nazirliyinə və sifarişçiyə bu haqda məlumat göndərir. Sifarişçi bank ekvayerdən imtina haqqında məlumat aldıqdan sonra beş iş günü müddətində imtinaya səbəb olan uyğunsuzluqları aradan qaldırmaqla, yenidən həmin banka və ya POS-terminalın quraşdırılması üçün digər bank ekvayerə müraciət edir. Bank ekvayer sifarişçinin müraciətinə müsbət baxdıqda və müqavilə şərtləri üzrə razılıq əldə edildikdə tərəflər arasında müqavilə bağlanılır və iyirmi iş günü müddətində sifarişçinin müqavilədə nəzərdə tutulmuş təsərrüfat subyektlərində POS-terminal quraşdırılır. Bank ekvayer POS-terminal quraşdırıldıqdan sonrakı ilk iş günü bu barədə elektron və ya kağız daşıyıcısında POS-terminalın qeydiyyatı üçün Vergilər Nazirliyinə müraciət göndərir. Bank ekvayer xidmət mərkəzindən aldığı terminalın qeydiyyat vərəqəsinin əslini 3 (üç) iş günü müddətində təsərrüfat subyektinə göndərir. Təsərrüfat subyekti qeydiyyat vərəqəsini aldıqdan sonra terminalda əməliyyatların aparılmasına başlayır. Məlumat üçün bildirək ki, hazırda ölkədə fəaliyyət göstərən 43 bankdan 35-dən artığı POS-terminal vasitəsi ilə ödəniş həyata keçirir.

Hansı obyektlərdə POS-terminal quraşdırılmalıdır?

POS-terminalların quraşdırılması məqsədəmüvafiq hesab edilən obyektlər isə Nazirlər Kabinetinin 3 fevral 2006-cı il tarixli 33 saylı qərarı ilə təsdiq edilən meyarlar əsasında müəyyənləşir. Həmin qərarda göstərilir ki, aylıq dövriyyəsi 1000 manatdan artıq olan pərakəndə ticarət, iaşə və digər xidmətlər göstərən müəssisələr, həmçinin avtomobil və mebel satışı üzrə ixtisaslaşdırılmış ticarət müəssisələri, idman və sağlamlıq kompleksləri, yanacaqdoldurma məntəqələri, hava, su, dəmir yolu və avtomobil nəqliyyatı ilə şəhərlərarası və beynəlxalq sərnişindaşımada biletlərin satışını həyata keçirən kassalar, mərkəzi poçt şöbələri POS-terminal quraşdırılması məqsədəmüvafiq hesab edilən obyektlərdir. Bakı şəhəri üzrə Səbayel, Nəsimi, Yasamal və Nərimanov rayonlarında POS-terminalların quraşdırılması üçün minimum dövriyyə tələbi yoxdur. Yəni bu rayonlarda fəaliyyət göstərən obyektlər dövriyyəsinin həcmindən asılı olmayaraq POS-terminal quraşdırmağa məcburdur. Qaydalara edilmiş əlavələrə görə, Bakıda, Gəncədə və Sumqayıtda POS-terminalların quraşdırılması prosesi 2012-ci ildə, Abşeron, Mingəçevir, Şirvan, Şəki, Lənkəran, Yevlax, Bərdə, Naxçıvan, Quba, Xaçmaz, Masallı, Göyçay, Şamaxı, Zaqatala, Şəmkir, Tovuz, Salyan, Sabirabad rayonlarında və şəhərlərində (kənd və qəsəbələr istisna olmaqla) 2013-cü ildə, başqa rayon mərkəzlərində (kənd və qəsəbələr istisna olmaqla) 2014-cü ildə başa çatdırılmalı idi. Ölkənin bütün kənd və qəsəbələrində POS-terminalların 2015-ci ilin sonunadək quraşdırılması nəzərdə tutulurdu. Qaydalarda göstərilir ki, ərazisindən asılı olmayaraq vergilərin, dövlət rüsumları və ödəmələrinin qəbul edildiyi bütün dövlət orqanlarında POS-terminalların quraşdırılması 2013-cü ildə başa çatdırılmalı idi. Lakin fakt ondan ibarətdir ki, bir sıra iaşı və satış mərkəzlərində hələ də POS-terminallar yoxdur. Mütəxəssislər sahibkarların post-terminallardan istifadə etməkdə maraqlı olmamasının bir səbəbini də post-terminal olmamasına görə heç bir cərimənin nəzərdə tutulmamasında görürlər. Vergilər Nazirliyinin isə məsələyə yanaşma tərzi fərqlidir. Belə ki, nazirlikdə hesab edilir ki, POS- terminallarla respubilkanın bütün regionları əhatə olunmalıdır. Nə qədər ki, bu prosses başa çatmayıb, bu sahədə xüsusi cərimələrin təyin olunması düzgün olmazdı. Bu məsələ ilə bağlı rayonlarda sahibkarların obyektiv problemləri olduğundan, onların əlavə cərimə yükü ilə yüklənməsi düzgün deyil.

İstixəbər.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26