BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Polkovnik Vaqif Dərgahlı: “Erməni tərəfi öz əlaltılarını ortaya atmaqla onları ermənilərin çaldığı mahnını oxumağa sövq edir”


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

“Erməni tərəfi öz əlaltılarını ortaya atmaqla onları ermənilərin çaldığı mahnını oxumağa sövq edir”

İstixeber.info xəbər verir ki, ermənistan mətbuatında guya Azərbaycan Ordusunda neqativ halların mövcud olması ilə bağlı yayılan məlumatı şərh edərkən Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib:
Ermənistan ordusunda daim baş verən neqativ halların, o cümlədən hərbi qulluqçular arasında nizamnamədənkənar münasibətlərin geniş yayılması, qeyri-döyüş itkilərinin sayının durmadan artması, ordunun zəif təminatı və təchizatı, ən yüksək vəzifəli generalından tutmuş əlahiddə bölmənin tağım komandirinədək bütün hərbi qulluqçularının rüşvətxorluğa bulaşması, xüsusilə də Ermənistanın baş naziri Nikol Paşinyanın da etiraf etdiyi kimi ordunun kriminal qaydalarla idarəolunması faktlarını beynəlxalq ictimaiyyətdən və erməni əhalisindən gizlətmək və diqqəti yayındırmaq məqsədilə bu ölkənin hərbi rəhbərliyi Azərbaycan Ordusunun uğurlarına kölgə salmaq üçün dəridən-qabıqdan çıxır.
Vaxtilə erməni ordusuna bel, kürək və digər ləvazimatların alınması üçün ondan-bundan maliyyə vəsaiti toplayan, indi isə bu məharətini ABŞ-dakı erməni diasporundan pul dilənməkdə peşəkarcasına nümayiş etdirən müdafiə naziri David Tonoyanın Azərbaycan Ordusuna qarşı çıxış etməkdən başqa heç bir əlacı qalmayıb.
Erməni tərəfi öz əlaltıları, ölkəmizdən xaricdə yaşayan bəzi üzdəniraq “hərbi ekspertlər”in qərəzli və həqiqətə uyğun olmayan çıxışlarına istinadən Azərbaycan əsgəri, Ordumuzda həyata keçirilən islahatlar, o cümlədən ali rütbəli hərbi qulluqçularımız barəsində qarayaxma kompaniyasını aktivləşdirməklə onları ermənilərin çaldığı mahnını oxumağa sövq edir.
Heç bir real fakta əsaslanmayan, ümumi sözlərlə ifadə olunan xəbərləri yayanların məqsədi güclü Ordumuza və onun vətənpərvər şəxsi heyətinə qarşı Azərbaycan cəmiyyətində inamsızlıq hisslərinin formalaşdırılmasına cəhd etməkdir.
Biz bu kimi xəbərləri qəti surətdə təkzib edir, onları qərəzli hesab edir və düşmən təbliğatının tərkib hissəsi kimi dəyərləndiririk.
Məlumudur ki, xalq ilə ordu arasında qarşılıqlı etimadın gücləndirilməsi istiqamətində mütəmadi olaraq müxtəlif tədbirlər həyata keçirilir. Bu tədbirlərin ən əyani nümunəsi Müdafiə nazirinin tapşırığına əsasən Azərbaycan Ordusunun bütün hərbi hissə və bölmələrində keçirilən “Açıq Qapı” günüdür. Yerli icra hakimiyyəti orqanları, ictimaiyyətin bütün təbəqələrinin nümayəndələri, əsgər valideynləri və yaxınları hərbi qulluqçular üçün yaradılan xidməti və sosial-məişət şəraiti ilə tanış olarlar. Bu görüşlərdə qonaqlara Ali Baş Komandanın diqqət və qayğısı nəticəsində Ordumuzun silahlanmasına daxil edilən ən müasir silah və hərbi texnika nümayiş etdirilir. Burada iştirak edən vətəndaşlar yaradılmış şəraitə görə hər zaman Ali Baş Komandana və Müdafiə Nazirliyinin rəhbərliyinə öz minnətdarlığını bildirirlər.
Bütün bunlar heç şübhəsiz düşmənlərimizi, o cümlədən onlara bu işlərdə yaxından yardımçı olan üzdəniraq “hərbi ekspertlər”i qıcıqlandırır və onlar əlacsızlıqdan belə qərəzli və iftira xarakterli məlumatlar yaymaqla nəyəsə nail olacaqlarına ümid edirlər. Lakin onların bu ümidləri hər zaman olduğu kimi bu dəfə də boşa çıxacaq.

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26