BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Mehriban Əliyeva: “Yüzlərlə tarixi və memarlıq abidəsi dağıntıya məruz qalıb”


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

İyunun 30-da Bakıda, Heydər Əliyev Mərkəzində UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının açılış mərasimi keçirilib.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva mərasimdə iştirak edib.

İstixeber.info Birinci vitse-prezidenti Mehriban Əliyeva mərasimdəki çıxışını təqdim edir.

-Hörmətli xanım Baş direktor.

Zati-aliləri.

Xanımlar və cənablar.

Əziz dostlar, hörmətli qonaqlar.

UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının açılış mərasimində bu gün sizinlə burada olmaqdan çox şadam. Sizin hamınızı Bakıda – Şərq ilə Qərbin, keçmişlə gələcəyin qovuşduğu şəhərdə, zəmanələrin və sivilizasiyaların nadir ahəngdarlığını göstərən mühitdə salamlamaqdan məmnunam. Bizim üçün bu cür mühüm toplantını qəbul etmək böyük şərəfdir və mən sessiyaya uğurlar arzulayıram.

Mən UNESKO-nun Baş direktoru xanım Odre Azuleyə xüsusi olaraq minnətdaram və əminəm ki, onun burada olması bu tədbirə xüsusi dəyər qatacaq. UNESKO-nun xoşməramlı səfiri kimi, mən bu gün burada bütün UNESKO ailəsinin üzvlərini salamlamaqdan çox şadam.

Bu ayın əvvəlində biz Azərbaycanın UNESKO-dakı üzvlüyünün 27-ci ildönümünü qeyd etdik. Bu illər ərzində biz mədəniyyət, təhsil, elm, kommunikasiya, gənclər və idman kimi bir çox sahələrdə uğurlu əməkdaşlıq qura bildik. Bu gün biz fəal təmsilçilik və verdiyimiz töhfələrlə UNESKO-nun proqramlarında iştirak edirik. Dünyanın mədəni irsinin qorunması Azərbaycan ilə UNESKO arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir. Eyni zamanda, bizim tarixi, dini və memarlıq abidələrimizin qorunması, bərpası və saxlanması Azərbaycanın dövlət siyasətinin mərkəzində dayanır.

2001-ci ildə dövlət tərəfindən qorunan 6600-dən artıq mədəniyyət abidəsini əhatə edən Milli-Mədəni İrs Siyahısı qəbul edilmişdir. Son 5 il ərzində Azərbaycanda 40 tarixi abidə bərpa edilmişdir. Həmçinin qeyd etmək istərdim ki, Abşeron yarımadasında tapılmış tarixi abidələri və arxeoloji eksponatları özündə əks etdirən açıq səma altında “Qala” Arxeoloji-Etnoqrafik Muzey Kompleksi 2008-ci ildə açılmışdır. Bakıda, Ağcabədidə və Ağdamda muğam mərkəzlərinin tikintisi, məscidlərin, sinaqoqların və kilsələrin yenidən qurulması və inşası, muzeylərin bərpası və açılması – bütün bunlar Azərbaycanın müxtəlif mədəni irsinin qorunması və zənginləşdirilməsi üçün dövlətimizin siyasətinin sadəcə bir neçə elementidir.

UNESKO ilə məhsuldar əməkdaşlığın nəticəsi olaraq Azərbaycanda iki sahə – İçərişəhər, o cümlədən Şirvanşahlar Sarayı və Qız qalası, Qobustan qayaüstü rəsmləri UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmişdir. Zəngin və qədim mədəniyyətimizin digər mühüm elementləri sırasında musiqi xəzinəmizin inciləri – muğam və aşıq sənəti, həmçinin bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilmişdir.

Azərbaycanın UNESKO-nun dəyərlərinə və ideallarına bağlılığı onun milli hüdudlarından kənarda da öz təzahürünü tapır. Son 10 il ərzində dünya mədəni irsin qorunması sahəsində apardığımız fəaliyyətin coğrafiyası geniş olmuşdur. Bununla belə, müharibələr və hərbi münaqişələr bəşəriyyətin mədəni irsinə hər zaman ciddi təhdid olmuşdur. Hərbi təcavüz nəticəsində, eləcə də beynəlxalq hüququ və BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini kobud şəkildə pozaraq Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin təxminən 20 faizini, o cümlədən Dağlıq Qarabağı və yeddi ətraf regionu bu gün də işğal altında saxlamaqda davam edir. Bir milyon azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətində yaşayır. Yüzlərlə tarixi və memarlıq abidəsi, muzeylər, məscidlər və digər dini məbədlər dağıdılıb, yaxud ciddi dağıntıya məruz qalıb. Bu səbəbdən Azərbaycan mədəniyyət mülkiyyətinin qorunmasına aid müvafiq beynəlxalq konvensiyaların səmərəli icrasında çox maraqlıdır. Düşünürəm ki, bu sahədə görüləcək işlər hələ də çoxdur və UNESKO bu baxımdan mühüm rol oynamalıdır.

Əziz dostlar, mədəni irs bizi bəşəriyyətin şanlı tarixinə aid olduğumuzu birlikdə düşünməyə vadar edir. Biz qəti şəkildə inanırıq ki, sülh mədəniyyətinin toxumları yalnız dialoq və qarşılıqlı hörmət vasitəsilə cücərə bilər. Mən burada mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqi üçün əsl qlobal platformaya çevrilmiş və Azərbaycanın başladığı “Bakı Prosesi”ni xatırlatmaq istəyirəm. 2008-ci ildə Bakıda ilk dəfə başlanmış beynəlxalq konfrans Avropa Şurasının üzv dövlətlərinin mədəniyyət nazirlərini ümumi narahatlıq doğuran məsələlər ətrafında dialoqa başlamaq üçün İslam Əməkdaşlıq Təşkilatının üzv dövlətlərindən olan həmkarları ilə bir masa arxasında topladı. Ötən ay biz “Bakı Prosesi” çərçivəsində V Dünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi etdik. Məmnunuq ki, UNESKO həmin mühüm təşəbbüsdə bizim əsas tərəfdaşımızdır. Xanım Baş direktor, verdiyiniz mühüm şəxsi dəstəyinizə görə sizə minnətdaram.

Bu toplantının işinə böyük uğurlar arzulayaraq, yekunda XII əsrin böyük Azərbaycan memarı və filosofu Memar Əcəminin sözlərinə istinad edərək demək istərdim : “Biz gedərik, ancaq qalar ruzigar, biz ölərik əsər qalar yadigar”.

Bir daha Azərbaycana xoş gəlmisiniz. Sağ olun.

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26