BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Cibində 1 manatı yoxdur, amma lotuluq edir…


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Qayda belədir; dörd nəfər düzəlməyənə kimi sürücü maşını yerindən tərpətmir. Buna görə də onun yolunu səbirsizliklə gözləyirdik. Maşına oturan kimi yola düzəldik…

Biz eyni qəsəbədə yaşayırıq. Bakıətrafı qəsəbələrə işləyən marşurutlar insanı əsəb xəstəsinə çevirdiyi üçün cibində 1 manatı olan adamların hamısı taksiyə minir. Bu isə hər gün mənə müxtəlif insanlarla tanış olmaq imkanı verir. Yeni tanışlıqlar yeni mövzular deməkdir. Bircə qalır, diqqətli olmaq…

REKLAM

Arxa oturacaqda yerini rahatlayan kimi telefonunu çıxarıb, tələsik bir nömrə yığdı: “Namiq, ölmüşəm, məni yerdən götür”.

Namiqin kim olduğunu bilməsəm də, səsini eşidə bilirdim: “Qorxma, pis adamlara heç nə olmur. İt ölər, sən ölməzsən”.

Belə düşük söhbətləri dinləməyə həvəsli olmadığım üçün azca yana çəkildim. Arxa oturacaqda əyləşən sərnişinlərin Namiqi eşitdiyini anladığı üçün telefonun səsini azca qısdı. Çox keçmədən onun cingiltili səsi yenə maşına yayıldı: “Zarafatın yeri deyil. Mənə təcili 400 manat pul lazımdır. Sabaha təşkil edə bilərsən?”

Namiqin nə dediyini bu dəfə eşitmək mümkün olmadı. Əsəbi şəkildə telefonu söndürüb, donquldanmağa başladı: “Səndən heç dədən xeyir görməyib. Xəsis donuz! Görüm, ömür boyu qara qəpiyə möhtac olasan…”

Araya dərin sükut çökdü. Amma bu sakitliyin ömrü uzun olmadı. Cəmi bir neçə saniyə sonra başqa adama zəng etdi: “Qaqa, ölmüşəm, məni yerdən götür. Özündə yoxdursa, dost-tanışa ağız aç, amma sabaha mənə 400 manat pul düzəlt”.

“Qaqa”nın nə dediyini eşidə bilmədik. Amma dostumuzun reaksiyasından belə anladıq ki, o da 400 manat verməkdən imtina edib. Əlini dizinə çırpıb, havalı adamlar kimi danışmağa başladı: “İnsanların üzü dönüb. A kişi, adamın adama işi düşər. Bilsəm ki, yoxdur, vallah, ağız açmaram. Amma bilirəm ki, dədəsinin donuzu kəmdir”.

Nə mən, nə də taksidə əyləşən digər sərnişinlər cavab verdi. İndi bizim hamımızı bir arzu birləşdirirdi: mənzil başına mümkün qədər tez çatmaq! Di gəl ki, sürücünün də üzü dönmüşdü. Aeroport yolunda maşını 60-la sürürdü…

Biz yaşadığımız qəsəbəyə çatana kimi, o, daha iki nəfərə zəng elədi. Amma dil töküb yalvardığı adamların heç biri “ölmüş qardaşlarını yerdən götürməyə” razı olmadılar…

Jurnalist marağı güc gəldiyi üçün soruşdum: “Cavan oğlan, nə baş verib? 400 manat sənin nəyinə lazımdır?”

Bir andaca gözünün dərinliklərində ümid qığılcımları parladı. Ona yardım edəcəyimi düşünüb, irişə-irişə danışmağa başladı: “müəllim, mən taksi sürücüsüyəm. Köhnə bir “07” maşınım var. Onunla başımı dolandırıram. Bu gün “QAİ”-nin qabağında “avtoşluq” elədiyim üçün maşını əlimdən aldılar. 600 manat istəyirdilər. Generalın şoferi işə qarışandan sonra 400 manata düşdülər”.

Heç kim dinmədi. Qısa pauzadan sonra oğlan əlini sürücünün çiyninə qoyub, belə dedi: “Cibimdə 1 manatım da yoxdur. Bu gün dayıya borclu qalacağam”.

Dilimin ucuna qədər gələn sözləri geri qaytarmadım: “A bala, cibində 1 manatın yoxdursa, niyə lotuluq edirsən? Niyə başını aşağı salıb, beş manatını qazanmırsan?”

Evə çatanda onun da pulunu verib, maşından düşdüm. Utandığından başını qaldırıb üzümə baxmadı. Halbuki vaxtında başını aşağı salıb işini görsəydi, 400 manata görə bu gün ona-buna yalvarmazdı…

Seymur Verdizadə

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26