BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Amerikaya məşhur olmaq arzusu ilə gələn sehrbaz həmyerlimiz – FOTOLAR


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Amerikaya məşhur olmaq arzusu ilə gələn sehrbaz həmyerlimiz
Televiziya çıxışlarına görə 21 dəfə məşhur “Emmy Awards” mükafatına layiq görülən, on bir dəfə adı Ginnesin Rekordlar Kitabına düşən, Hollivudun şöhrət aleyasında öz ulduzu olan, ABŞ-ın Konqress Kitabxanasının “Yaşayan Əfsanə” adlandırdığı, Fransa hökumətinin “Cəngavərlik” titulu verdiyi, dünyanın ən məşhur sehrbazı Devid Koperfildin vətəni Amerikada sehrbaz kimi özünü təqdim etmək insandan böyük cəsarət tələb edir.

Hələ ki, təyyarəni, vaqonu yox edə, Çin səddini yarıb keçə bilməsə də bir sıra uğurlara imza atmağı bacarıb. Zarafat deyil, cəmi bir ildir ABŞ-da yaşadığına baxmayaraq, artıq Devid Koperfildin də üzv olduğu “The Society of American Magicians” cəmiyyətinə üzv seçilib…


…Atası Ağalar Canqudov Qəbələ rayonunda yaşayır, ixtisasca mühəndisdir. Hazırda təqaüddədir. Anası Rahilə xanım isə evdar qadındır…
Haqqında söhbət açdığım Rəşadət Canqudov milliyətcə ləzgidir. 1988-ci ildə Qəbələ rayonunda dünyaya gəlib. 2005-ci ildə orada 3 saylı orta məktəbi rus dilində bitirib. 2006-2007-ci ildə hərbi xidmətdə olub. 2008-2013-cü illərdə Bakı Dövlət Universitetinin tarix fakultəsində qiyabi təhsil alıb. Eyni zamanda 2008-ci ildən 2018-ci ilədək otellərdən birində çalışıb. O, burada sıravi işçidən gecə növbəsinin meneceri vəzifəsinədək yüksələ bilib. 2018-ci ildən ABŞ-ın Virciniya ştatının Feyrfəks şəhərində yaşayır.
…Ömür-gün yoldaşı Tünzalə xanım ixtisasca roman-german dilləri üzrə filoloqdur. Hazırda Feyrfəks şəhərindəki uşaq bağçalarından birində tərbiyəçi müəllim işləyir. Üç yaşında Ramal adında bir oğlu vardır…
2010-cu ildən Beynəlxalq İllüzianistlər Cəmiyyətinin üzvüdür. Əsasən sehrbazlığın mental, səhnə və mikromagiya janrlarıyla məşğul olur. ABŞ-a gəlişindən qısa müddət keçməsinə baxmayaraq tez-tez müxtəlif tədbirlərə dəvət alır…
Deyir ki,- “Uşaq vaxtlarından bu sənətə həvəsim var idi. Axtarıb Azərbaycanın məşhur illüzianisti Tofiq İsgəndərlini tapdım və ondan dərs aldım. O, mənim bu sənətdə ilk müəllimim olub. Bundan əlavə hər il Rusiyaya gedir, sehrbazlıqla bağlı ödənişli seminarlarda iştirak edirdim. “Green Card” udandan sonra qərara gəldim ki, ABŞ-a köçüm. Burada mənim sənətimə böyük dəyər verirlər”…
Bu il Las Veqasda keçiriləcək sehrbazların ənənəvi yarışına qatılmağa hazırlaşır. İstəyir ki, sənəti ilə amerikalıların diqqətini özünə cəlb etsin. Söylədiyinə görə, imkanı yol verəndən sonra Azərbaycana qayıdıb, gənc illüzianistəlrin məktəbini yaradacaq. Dünya ədəbiyyatını, o cümlədən psixologiya haqqında kitabları mütaliə etməkdən yorulmayan bu sehrbaz həmyerlimizi dinlədikcə, sanki sehrli bir aləmə düşmüşdüm. Həmin aləmdə hər şey nağıllarda olduğu kimi idi.
Kim bilir, bəlkə də Hollivudun şöhrət aleyasında nə vaxtsa onun da adına bir ulduz olacaq…

Azər İsazadə

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26