BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

“ASAN xidmət”in rəhbərindən müjdə: “GəncLİK” proqramının açılış mərasimi olub


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

8 oktyabr 2019-cu il tarixində Bakı Konqress Mərkəzində “GəncLİK” (Gənc Liderlərin İnkişafı Konsepsiyası) Proqramının açılış mərasimi keçirilib.

Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikasının Gənclər Fondunun birgə təşkilatçılığı ilə reallaşdırılıb.

İstixeber.info xəbər verir ki, mərasimdə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Gənclər və İdman nazirinin müavini Fərhad Hacıyev, Gənclər Fondunun icraçı direktoru  Fərid Cəfərov, millət vəkilləri, gənclər təşkilatlarının nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Tədbirdə “ASAN xidmət”in rəhbəri Ülvi Mehdiyev jurnalistlərə açıqlama verib:

“Bu gün ASAN xidmət və Gənclər Fondu birgə gənclər üçün dövlətin növbəti dəstək proqramının açılışında iştirak edirik. Bu çox unikal bir layihədir. Mindən yuxarı gənc bu layihəyə müraciət edib. Müxtəlif prosesdən keçən 30-a yaxın gənc proqramın ilk mərhələsində qəbul olunub. Dövlətimiz hər zaman gənclərə dəstək olub. Bu proqram da sırf gənclərimizin, müəyyən kriteriyalara cavab verən gənclərimizin daha məqsədyönlü sahədə təcrübə keçməsini təmin edir. 1000-dən çox gənc əvvəl test üsulundan, daha sonra müsahibədən keçiblər. Videoformatda özləri barədə məlumat verib, nəyə görə bu proqrama üz tutduqlarını söyləyiblər.  Azərbaycanın görkəmli ekspertləri, mütəxəssislərinin sayəsində 30 nəfər gənc seçilib və onlar müxtəlif treninq və təlimlərə cəlb olunacaqlar. Gənclərimiz, eyni zamanda ayrı-ayrı dövlət orqanlarında təcrübə keçəcəklər. Bu, ona imkan verir ki, gəncliyin arasından daha peşəkarı, daha təcrübəlisi, digər xidmətlərə cəlb olunmaqda lazımi keyfiyyətlərə malik olanları sonradan dövlət qulluğuna cəlb ediləcəklər”.

“Bu yaxınlarda Özbəkistanda növbəti bir anlaşma sazişi imzalandı. Bu, beynəlxalq tərəfdaşlığa başladığımız 12-ci müqavilə oldu. İndi bizə Tacikistan, Qırğızıstan və digər ölkələr də müraciət edib. Bəzi ölkələr də var ki, onlarla danışıqlar aparılır. Həmçinin xaricdə fəaliyyət göstərən diasporla sazişlərimiz var. Tədqiqat planları artıq hazırlanıb. Diaspor komitəsi hazırda bununla bağlı işlər aparır. Hansı ölkə dəqiqləşdirilərsə, həmin ölkədə ASAN xidmət öz xidmətlərini o ölkədə yaşayan azərbaycanlılara göstərəcək”, – deyə Ü.Mehdiyev qeyd edib.

Həmçinin məlumat verib ki, ilin sonuna qədər 5 rayonda – Şamaxı, Kürdəmir, Tovuz, Ağcabədi, Balakən ASAN xidmət açılacaq: “ASAN-nın tərkibində ABAD fəaliyyət göstərir. ABAD-ın iki xidməti Qubada və Tovuzda fəaliyyətə başlayacaq. Onların da əsas fəaliyyəti həmin regionda yaşayan ailələrin təsərrüfatına dəstək olmaqdır”.

İstixeber.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26