BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

“Təcili yardım çağırılmadı” – Tibb bacısı


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Elina Hacıyevanın ölümünə səbəb olmaqda təqsirləndirilən 162 nömrəli tam orta məktəbin keçmiş direktoru Sevinc Abbasovanın cinayət işi üzrə məhkəmə keçirilib.

İstixeber.info-nun məlumatına görə, Səbail rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə məktəbin tibb bacısı olmuş Ləman Nuriyeva deyib ki, hadisə olanda ona zəng gəlib:

 

“Dedilər ki, Elina yıxılıb. Tez məktəbə qayıtdım. Elinanı direktorun otağında uzatmışdılar. İlkin yardım göstərdim, baxdım ki, qolunda bir iki sıyrıq var. Lakin başqa yerində açıq yara yox idi. Təzyiqini ölçdüm, aşağı idi. Otaqda dedim ki, təcili yardım çağırılmalıdır. Həmin vaxtı otaqda direktor və müavinləri vardı. Lakin bir səs çıxmadı. Yenidən təzyiqini yoxlayanda müşahidə elədim ki, təzyiq getdikcə düşür, bədəni soyuyur. Yenidən təcili yardımın gəlməsinin vacibliyini bildirdim. Bu vaxtı Sevinc xanım üstümə hirsləndi, dedi ki, sən işini gördün, otaqdan çıx. Məni otaqdan çıxartdı, 15 dəqiqədən sonda polislər, ondan bir qədər sonra Xalidə Bayramova gəldi. Otağa çağırdılar. Təzyiqini ölçdüm ki, 40- a doğru azalır. Bu zaman təcili yardım çağırdılar. Əvvəldən dəfələrlə desəm də, məni otaqdan qovdular. Dedilər ki, lazım olanda biz çağıracayıq”.

Ləman Nuriyeva deyib ki, əvvəllər də Elinanı müayinə edib:

“Bir dəfə boynunu kəsmişdi. Sinif rəhbəri və müəllimlər yanıma gətirmişdi. Elina dedi ki, cızılıb. Lakin orada qeyd elədim ki, bu kəsikdir”.

Hakim elan edib ki, iş üzrə 47 şahiddən 43-ü dindirilib. Digər şahidlər məhkəməyə çağırılsa da, gəlməyiblər.

Proses oktyabrın 2-ə qədər fasilə elan edib.

Qeyd edək ki, Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihar etməsi faktı ilə Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə məktəbin direktoru Sevinc Abbasova Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub və məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Daha sonra Cinayət Məcəlləsinin 125-ci (ölüm həddinə çatdırma) maddəsi ilə açılan cinayət işinə xitam verilib.

İstixeber.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26