BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Zehinlərə təmənnasız işıq saçan insan – FOTO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Azərbaycanın dilçilik sahəsində tanınmış elm xadimlərindən olan, 90 illik yubileyi respublikamızın elmi-pedaqoji ictimaiyyəti tərəfindən geniş qeyd olunan mərhum akademik Afad Qurbanova həsr etdiyimiz bu yazıda həm də 3 ildir fəaliyyəti dayandırılmış ANS televiziyasının bir xidmətindən də söz açacağıq.

Afad Qurbanov Qusarda hansı zərurətdən konfrans keçirib və Azərbaycanın Dövlət dilinin rayonda tədrisi vəziyyəti hansı səbəbdən müzakirə mövzusu olub?

Bu suallara ANS-in 2001-2003-cü illərdəki tarixinə nəzər salmaqla cavab verəcəyik.

ANS-in Qusar bürosunun rəhbəri kimi 2001-ci ildən başlayaraq rayonda Azərbaycan dili fənninin tədrisi ilə bağlı silsilə yazılar hazırlamağa başladıq. Həm rayon mərkəzindəki, həm də ayrı-ayrı kəndlərdəki təhsil ocaqlarında bu fənn üzrə tədrisin keyfiyyəti və tədrisi ilə bağlı videomateriallar hazırlayarkən müşahidə etdik ki, bəzi şagirdlər bu dildə danışmaqda belə çox çətinlik çəkirlər, bu da dövlət dilinin normal öyrənilməsində müəyyən əngəllər yaradır. Bunun əsas səbəbi isə Azərbaycan dili dərsini uşaqlara öyrədən əksər müəllimlərin qeyri-ixtisas təhsilli olması idi. Araşdırmalarımız onu göstərdi ki, elə şagirdlərlə yanaşı bu müəllimlərin də Azərbaycan dilini dərindən mənimsəməyə ciddi ehtiyacları var. Bu məsələni isə videomateriallar efirdə getdikdən və ictimailəşdiriləndən sonra Təhsil Nazirliyi dərhal xüsusi nəzarətə götürür. O vaxtki Təhsil naziri Misir Mərdanovun operativ reaksiyası özünü çox gözlətmir: o, 2003-cü il oktyabrın 10-da “Yenidənhazırlanma təhsilinin təşkili” barədə əmr imzalayır. Əmrdə deyilir: “Qusar rayonu ümumtəhsil məktəblərinin pedaqoji kadrlarla təminatı vəziyyəti öyrənilərkən məlum olmuşdur ki, həmin rayonda 2001-2002-ci tədris ilində 124 (o cümlədən 40 nəfər Azərbaycan dili və ədəbiyyatı), 2002-2003-cü tədris ilində 138 (o cümlədən 83 nəfər Azərbaycan dili və ədəbiyyatı), 2003-2004-cü tədris ilində 200 (o cümlədən 32 nəfər Azərbaycan dili və ədəbiyyatı) müəllimə zəruri ehtiyac olmuşdur. Ona görə də Qusar rayonunda müəllim kadrlarına tələbatın ödənilməsi problemli məsələ kimi xüsusi yanaşma tələb edir”.

Nazir Misir Mərdanovun əmri əsasında Azərbaycan Müəllimlər İnstitutunun Quba filialında 2003-cü ilin noyabr ayından başlayaraq Qusarın qeyri-ixtisas təhsilli müəllimləri üçün yenidənhazırlanma kursları təşkil edilir və kurslar 2 ildən çox davam edir. Azərbaycan dili və ədəbiyyatı fənnini Qusarda tədris edən müəllimlərin iş üsulunda yeniliklər və müsbət irəliləyiş bu kurslardan sonra özünü göstərməyə başlayır. Adı cəkilən dil kurslarının sonunda Təhsil Nazirliyi ilə Azərbaycan Dövlət Pedaqoji Universiteti bu sahədə daha bir tədbiri reaallaşdırmağa nail olurlar. 2006-cı il iyunun 6-da Qusarda “Azərbaycan dilinin təkmilləşdirilməsi və inkişaf yolları” mövzusunda elmi-praktik konfrans təşkil olunur. Konfransı görkəmli elm xadimi akademik Afad Qurbanov aparır və geniş məruzə ilə çıxış edir. Bu barədə Qusar təhsil şöbəsinin o vaxtki müdiri, hazırda təqaüddə olan müəllim Hacıbala Aşurov məlumat verib. Onun sözlərinə görə görə, keçmiş rayon icraiyyə komitəsinin binasında keçirilən həmin konfransda Afad Qurbanov Azərbaycan dili və ədəbiyyatı müəllimlərinə öz dəyərli tövsiyələrini verib, onların çoxsaylı suallarını cavablandırıb və bu dilin tədrisində onların hər birinə uğurlar arzulayıb. Yaxşı yadımdadır, Afad müəllim Qusarda olarkən ANS üçün videomaterial hazırlamışdıq, ondan Qusarda Azərbaycan dili müəllimlərinin bu dili necə tədris etmələri ilə bağlı müsahibə almışdıq. Afad müəllim müsahibədə bildirmişdi ki, Qusarda dövlət dilinin keçirilmə vəziyyəti artıq normaldır və bəzi problemlər də tədricən aradan qaldırılacaq.

Afad Qurbanov konfransa Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimləri dosent Vaqif İsrafilov və hazırda dünyasını dəyişmiş Məmmədxan Soltanovla birgə gəlmişdi və tədbirdən sonra Qusarda qalmadan Bakıya dönmüşdü.

2006-cı ildə Afad Qurbanovdan müsahibə alandan sonra mənim vəziyyətimlə maraqlandı. Axı, o, mənim atam, filologiya elmləri namizədi Kamil Alxasovla bir qrupda oxuyub, onlar 1951-ci ildə Azərbaycan Pedaqoji Uiniversitetinin filologiya fakültəsini bitiriblər. Atamın “Müasir Azərbaycan dilində vasitəsiz nitq” kitabının redaktoru da Afad Qurbanov olub.
Qusarlı müəllim Hacıbala Aşurov deyir ki, Afad müəllimi şəxsən 2004-cü ilin iyul ayından tanımağa başlayıb, Afad müəllim nə az-nə çox düz 12 gün onun qonağı olub: “Həyətdə oturmuşdum. Bir də gördüm ki, bir nəfər həyətə daxil oldu. Söylədi ki, APİ-nin professoru (indi Pedaqoji Universitetin) Afad Qurbanov kirayəyə ev axtarır. Barəsində çox eşitdiyimdən dərhal dedim gəlsin. Səhər Afad müəllim həyat yoldaşı ilə bizə gəldi, 12 gün onlara ayırdığım otaqda qaldılar”.  Hacıbala Aşurov söylədi ki, Afad müəllimi o vaxtdan çox yaxından tanıyıb və ondan qəti kirayə haqqı almayıb: “Dedim, müəllim müəllimdən pul alarmı? Boş evdi, nə qədər istəyirsiniz, qalın”. Hacıbala müəllim Afad Qurbanovu bir də 2006-cı ilin iyun ayında Qusarda konfransa gələrkən gördüyünü dedi. Onun sözlərinə görə, sonuncu görüşdə Afad müəllim ona atam Kamil Alxasovdan da danışıb, onunla tələbə yoldaşı olduğunu deyərək, atamı zəhmətsevər və sözünün üstündə duran haqq adamı kimi tanıdığını söyləyib. Qəlbimi sızildadan, kövrək hisslər oyadan bu xatirənin mənə əziz olan insanlarla bağlılığı ikiqat sevinc gətirir.

Görkəmli elm xadimi, nurlu şəxsiyyət Afad Qurbanovun anadan olmasının 90 illik yubileyi günlərində biz də Afad müəllimin bir əyalət səfərini xatırladıq, dövlət dilimizin keşiyində duran bir tanınmışımızı ANS-lə birgə yad etdik. Ruhu şad olsun!

İstixeber.info İstipress.com
Aytəkin Alxaslı , Rəşad Ağaşirinov

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26