BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

ƏMRAH FƏQANOĞLU: “Qızıl qələm”li zibilyığan


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Jurnalist olmaq, jurnalist həyatı yaşamaq bizim alın yazımızdır. İstəsək də, istəməsək də bu yazılanlarla barışmağa, Tanrının bizə verdiyi yoxuşu enişindən, acısı şirinindən çox olan ömür payını beləcə yaşamağa məhkumuq. Əhatəndəki adamın sənin jurnalist olduğunu bilə-bilə, yaxud bilməyərəkdən bütün jurnalistlər haqqında söylədiyi sözlərdən halbahal olmaq də yəqin ki, alın yazısının bir parçasıdır. Tərifli söz işlədiləndə məmnun olursan, tənqidi, daha doğrusu, xoşagəlməz fikir eşidəndə əsəbindən özünə yer tapmırsan. Biri “reket” jurnalistlərdən danışır, qalanlarını da qatır onlara, o biri jurnalistliyin dərin savad tələb etməməsi barədə “akademik” mülahizə irəli sürür, digəri də jurnalistlərin hamısıni yalan yazmaqda ittiham edir. Özü də bunları danışan adamlar özləri guya buğda yeyib cənnətdən çıxıblar. Elə “müqəddəs”dirlər ki, bircə ətəklərində namaz qılanları çatışmır… Amma işləri çətinə düşən kimi onların problemlərini, dərd-sərlərini qələmə alıb, ictimaiyyətə çatdıracaq jurnalist sorağına düşürlər.

Bu bu əhvalatı niyə xatırladım, heç özüm də bilmirəm. Amma hər dəfə yadıma düşəndə ikili hisslər keçirirəm – həm əsəbiləşirəm, həm də ironiyalı gülüş yaranır üzümdə. Deməli belə: Təxminən səkkiz-doqquz il əvvəl, günlərin birində şəxs avtomobilimlə Ağsudan Bakıya gəlirdim. Ağsu postuna (yaxşı ki, bu post artıq ləğv olunub) çatar-çatmaz qarşısındakı avtomobili qovan DYP maşını ilə rastlaşdım. Çox sürətlə şütüyürdü, onunla qəza anı yaşamamaq üçün hətta maşını yoldan kənara çəkmək məcburiyyətində qaldım və etiraz əlaməti olaraq qarşı uzaqvuran faraları yandırıb-söndürdüm. Qanunsuz təqiblə məşğul olmaqla, başqa hərəkət iştirakçılarının həyatına ciddi təhlükə yaradan həmin DYP inspektorunun mənə acığı tutduğundan, sən demə, qarşıdakı posta maşınımın saxlanması barədə göstəriş veribmiş…

Posta çatar-çatmaz başı ülgüclə qırxılı, gövdəsindən “Rembo”nu xatırladan uca boylu cavan inspektor qırğı kimi maşının üstünə şığıyıb, “saxla” əmri verdi. Saxladım, təbii… Heç bir qaydanı pozmadığımı isbatladım, amma nə fayda. Sənədlərimi alıb posta qaçdı, mən də ardınca getdim. Jurnalist olduğumu və hüquqlarımı yaxşı bildiyimi söylədim. “Qoçaq” inspektor “jurnalist” kəlməsini eşidəndə amiranə tərzdə “mənim də atam jurnalistdir, özü də “Qızıl qələm” mükafatı alıb”-dedi və mənə absurd ittiham əsasında cərimə yazmağa başladı. “İnanmıram ki, atası jurnalist olan şəxs jurnalistə-atasının həmkarına qarşı belə kobud davransın”-dedim… O isə atasının “Qızıl qələm”li jurnalist olduğunu və lazım gələrsə, öz təcrübəsini mənə öyrədə biləcəyini and-aman eləməkdə idi…
Sonradan onun atasını şəxsən tanıyan yerlimizdən öyrəndim ki, əslində atası jurnalist deyil, zibil daşıyan maşının fəhləsidir. Özü də əməlli-başlı orta məktəb təhsili də yoxdur… Mənim aləmimdə peşənin yaxşısı-pisi yoxdur, hər kəs bacardığı işin qulpundan yapışıb, ailəsinə çörək qazanır. Ən başlıcası, peşə daşıyıcılarının hamısının vicdanlı, məsuliyyətli olmalarıdır. Öz iddiasını həyata keçirmək üçün (Allahın köməyi ilə heç keçirə də bilmədi – öz sürücülük hüquqlarımdan istifadə edib, haqsız cəriməni ləğv etdirdim) çirkin yalan danışmaqdan həya etməyən həmin inspektorun az sonra BDYP rəhbərliyinin əmri ilə işdən qovulduğunu eşidəndə isə “yəqin “Qızıl qələm”li atanın yanında sənə adına layiq bir iş tapılar”-deyə düşündüm…

Əmrah Fəqanoğlu 

İstixeber.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26