BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Cəlilabad rayon Yaradıcılıq Mərkəzində gənc yazar Sevil Gül Nurun “Şəhadət sarayı” adlı kitabının növbəti təqdimat mərasimi keçirilib – FOTO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

May ayının 25-də Cəlilabad rayon Yaradıcılıq Mərkəzində gənc yazar Sevil Gül Nurun “Şəhadət sarayı” adlı kitabının növbəti təqdimat mərasimi keçirilib.

İstixeber.info xəbər verir ki, bir neçə rayonda və Bakı şəhərində təqdim olunan kitab vətən yolunda canını fəda edən Azərbaycan oğullarından bəhs edir. Rayon icra hakimiyyətinin təşkilatçılığı ilə baş tutan tədbirdə icra başçısı müavini Elnarə Həsənova, icra hakimiyyəti əməkdaşları, mədəniyyət işçiləri, rayon ziyalıları, Qarabağ veteranları və şəhid ailələri iştirak edib. Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra kitabın redaktoru şairə-publisist Nəcibə İlkin müəllifi Cəlilabad ədəbi mühitinə və tədbir iştirakçılarına təqdim edərək kitab haqqında danışdı.

REKLAM

Hər bir qəhrəmanın həyat və keçdiyi döyüş yolu haqqında kitabda dolğun məlumat verildiyini bildirən Nəcibə İlkin müəllifin öz yaradıcılığını bu mövzuda davam etdirməsini alqışladı və ona uğurlar dilədi. Müəllif Sevil Gül Nur öz çıxışında tədbir iştirakçılarını salamlayıb bir məqamı qeyd etmək istədiyini bildirdi və kitabın yanvar ayında çap olunduğu, buna görə də aprel ayında şəhid olmuş Musalı kənd sakini Mayılzadə Məhərrəm Qafar oğlunun adının kitabda olmamasını söylədi. Kitabın yazılmasında ona informasiya dəstəyi göstərənlərə təşəkkür edən müəllif şəhid ailələrinin ona göstərdiyi isti münasibəti də qeyd edərək onlara minnətdarlığını ifadə etdi. Tədbirin təşkilatçılığında icra başçısı müavini Elnarə Həsənovanın böyük kömək göstərdiyini nəzərə çatdıran şairə ona təşəkkür edərək belə tədbirlərin müntəzəm keçirilməsinin vacibliyini qeyd etdi. Sonra şəhid ailələri və Qarabağ müharibəsi iştirakçılarına söz verildi. Öz övladlarının döyüş yolu haqqında qısa məlumat verən şəhid ailələri kitabda da bu məqamların əks olduğunu vurğulayaraq müəllifə bu şərəfli işində müvəffəqiyyət arzuladılar.  Lənkəran şəhər milli qəhrəmanlar icmasının sədri, milli qəhrəman Əsgər Əliyevin atası Ələkbər Əliyev, Biləsuvar rayon şəhid ailələri və Qarabağ veteranları icmasının sədri Bəhruz Əliyev, Qarabağ qazisi Maşalla Əliyev də çıxış edərək müəllifə yaradıcılıq uğurları arzuladılar.
Ziyalılar və qələm əhli də çıxış edərək gənc yazarın bu addımını təqdirəlayiq hesab edib ona uğur dilədilər.  Kitabın yazılmasında müəllifə informasiya və təşkilati dəstək göstərən Xəqani Məmişov bunu özünə borc bilərək vətən qarşısında mənəvi haqqını az da olsa ödəmiş olduğunu söylədi. Gənclər və İdman idarəsi rəisi Elçin Hüseynov öz çıxışında rayon rəhbərliyinin şəhid ailələrinə göstərdiyi qayğı və diqqətdən danışdı. Gənc yazarı fəxri fərmanla təltif edən Elçin müəllim eyni zamanda, rayon  rəhbərliyinin gənc yazarlara verdiyi dəstək və göstərdiyi diqqəti də qeyd etdi.
Sonda çıxış edən icra başçısının müavini Elnarə Həsənova özünün də hərbçi ailəsində böyüdüyünü, bu mövzunun ona nə qədər yaxın olduğunu bildirib şəhidlərimizə rəhmət dilədi. Sonda müəllif tədbir iştirakçılarına imzalı kitabını hədiyyə etdi.

İstixeber.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26