BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

“Xəzər”dən şok “əxlaqsızlıq” ittihamı – Yaqub nələr dedi?


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Xəzər Universiteti mənim 160 manatlıq məvaciblə bağlı etirazıma guya cavab verib. Bunu cavab adlandırmaq olmaz, şər-böhtan yağdırıb. Onların açıqlamasında 5-6 nüans var ki, hamısı yalan və iftiradır.

İstixeber.info xəbər verir ki, bu sözləri Axar.az-a Xəzər Universitetindən 1 qrup qarşılığında 160 manat məvacib aldığı səbəbindən istefa verən Mail Yaqub universitetin mövzu ilə əlaqədar yaydığı açıqlamaya cavabında deyib. O qeyd edib ki, deyilən məqamlar həqiqət olsa belə, bu, universitetin əleyhinədir:

“Birincisi, açıqlamada bildirilir ki, mənim işdən çıxmağımın səbəbi gənc xanımlara sataşıb, əxlaqsız hərəkətlər etməyimdir. Əgər belə idisə, illərdir niyə məni çıxarmırdınız? Deməli, bunu bilə-bilə məni universitetdə saxlayaraq təhsil ocağına xəyanat etmisiniz. İkincisi, məndən 10 dəfə çox maaş alan müəllimlərin olduğunu iddia ediblər ki, bu da tamamilə ağ yalandır. Çünki dediklərin görə, 1 qrupa ən çox maaş mənə yazırdılar. Universitetdə ingilis dilində dərs deyən gənc müəllimlərinə 1 qrup qarşılığında 110-120 manat pul yazırlar”.

M.Yaqub bildirib ki, universitetin “cavab” açıqlamasında daha bir məqam “mənim əxlaqsız hərəkətlərimə görə” kafedradan uzaqlaşdırılmağımdır:

“Orada 2013-2015-ci illərdə kafedra müdiri olmuşam. Kafedra müdirliyindən isə 500 manat maaş yazmaları və Hamlet İsaxanlının ora gətirdiyi iranlı rektorun iclasda məni təhqir etməsi səbəbindən öz istəyimlə istefa verdim. İsaxan İsaxanlı qalmağımla bağlı təkid edirdi. Amma verdikləri məbləğ mənim bir aylıq xərcim deyildi”.

Mail Yaqub universitetdə yalnız fəlsəfə dərsinin azərbaycanca tədris olunmasına da fikir bildirib:

“Bildirirlər ki, bircə “Fəlsəfəyə giriş” dərsi Azərbaycan dilində tədris olunur. Qətiyyən belə deyil. Universitetdə dərslərin 50-60 faizi Azərbaycan dilində tədris olunur. 11 ildir “Fəlsəfəyə giriş”, “Əxlaq fəlsəfəsi”, “Din fəlsəfəsi”, “Sosiologiya və müasir Avropa fəlsəfəsi” adlı 5 fənn tədris edirəm. Məndən başqa da Azərbaycan dilində dərs verən kifayət qədər müəllim var. İngilis dilində tədrislə məşğul olanlara məndən də az məvacib verirlər. Universitetdən yığdığı pullara istirahət mərkəzləri yaradırlar, mənə isə şər-böhtan yağıdırırlar. “Xəzər”də rektor sadəcə sözçüdür, heç kimdir. Universitetin bütün qərarlarını iki şəxs qəbul edir: İsa İsaxanlı və Hamlet İsaxanlı. İstefadan öncə rektorla danışıb vəziyyəti ona izah elədim, məqsədim, sadəcə, məvacibin artırılması idi. Qarşılığında isə fikrimi belə almadan, məndən xəbərsiz başqa müəllim çağırıb fənnimi ona verdilər”.

Qeyd edək ki, M.Yaqub Xəzər Universitetində tələbələrdən külli miqdarda təhsil haqqı yığılmasına rəğmən müəllimlərə qəpik-quruş verildiyini bildirərək, bu ali məktəbdən istefa verib. Bunun ardınca isə tələbələrdən yığılan külli miqdarda vəsaitin universitetin nüfuzunun artmasına, təhsilin keyfiyyətinin yüksəlməsinə deyil, təsisçi Hamlet isaxanlının Mərdəkanda dəbdəbəli və bahalı otel inşaasına xərcləndiyini açıqlayıb.

M.Yaqubun son açıqlamasından sonra Xəzər Universiteti Mərdəkandakı dəbdəbəli otelin hansı vəsaitlə tikilməsinə deyil, M.Yaqubun “əxlaqsızlığa görə” işdən deyil, kafedra müdiri vəzifəsindən çıxarılması barədə bəzi media qurumlarına açıqlama verib.

İstixeber.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26