BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Əhaliyə mühüm xəbər: Azərbaycanda dollar kreditləri…


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

“Həddindən artıq gecikmiş qərardır. Azərbaycanda problemli kreditlərin həcmi kifayət qədər yüksək həddə çatıb. Rəsmi rəqəmlərə görə bu cür kreditlərin miqdarı ümumi kredit portfelində 16%-ə çatıb”.

İstixəbər.info xəbər verir ki, bunu Sonxeber.az-a iqtisadçı ekspert Natiq Cəfərli Azərbaycanda xarici valyuta ilə istehlak kreditlərinin xarici valyutada gəliri olan borcalanlara veriləcəyinə dair yeni qaydaya münasibət bildirərkən deyib.

İqtisadçı ekspert Natiq Cəfərli

Lakin onun sözlərinə görə, dünyaca məşhur “Fitch” reytinq agentliyi bank sektoru ilə bağlı öz hesablamalarını açıqlayıb: “Onların hesablamalarında bu rəqəm 20%-dən çox təşkil edir. Əgər ölkədə vaxtı ötmüş kreditlərin payı ortalama 20-25%-dirsə, bu, həyəcan təbili çalmaq üçün böyük səbəbdir”.

N. Cəfərli diqqətə çatdırıb ki, beynəlxalq standartlara əsasən, problemli kreditlərin həcmi ümumi kredit portfelində 3%-dən çoxdursa, artıq bank sektorunda ciddi problemin olması təsbit edilir: “Və bunun üçün addımlar atılmağa başlanılır. Ancaq Azərbaycanda problemli kreditlərin həcmi beynəlxalq standartdan 6-7 dəfə çox olsa da bu istiqamətdə heç bir addım atılmır. Belə gecikdirilmiş addımla əslində bu problemin böyüməsinin qarşısını almağa çalışılır. Bundan sonra heç olmasa problemli kreditlərin yaranmaması, xarici valyuta ilə verilən kreditlərin həcminin azalması üçün məhdudlaşdırıcı addım atılıb”.

Bununla belə ekspert vurğulayıb ki, bankların özləri məhz xarici valyuta ilə kredit verməkdə daha maraqlıdırlar: “Çünki valyuta ilə verilən kreditlərin bir sığortası olur. Banklar özlərini bu yolla bir növ gələcəkdə baş verə biləcək mümkün devalvasiyalardan qoruyurlar. Özlərini manatın dəyərdən düşməsindən sığortalıyırlar”.

Bu baxımdan N. Cəfərli hesab edir ki, yeni qayda əslində bank sektorunda ciddi problemlər yaradacaq: “Bankların kreditləşmə səviyyəsinin kifayət qədər aşağı düşməsinə səbəb olacaq. Bir daha deyirəm ki, bu, çox gecikmiş qərardır. Sadəcə olaraq problemli kreditlərin həcminin artmasının qarşısını ala biləcək amilə çevrilə bilər. Problemin özünün həllində heç bir əhəmiyyəti olmayacaq, çünki son 3 ildə vaxtı ötmüş kreditlərin həcmi o qədər kəskin artıb ki, bunun həlli məqsədi ilə xüsusi dövlət proqramı olmadan bunu həll etmək mümkün olmayacaq”.

Qeyd edək ki, bundan sonra Azərbaycanda xarici valyuta ilə istehlak kreditləri xarici valyutada gəliri olan borcalanlara veriləcək. Bu, Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışovun təsdiq etdiyi “Bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə kredit risklərinin tənzimlənməsi haqqında Qaydalar”da öz əksini tapıb.

Sənəddə qeyd edilib ki, xarici valyutada istehlak kreditləri xarici valyutada gəliri olan borcalanlara verilir. Xarici valyutada gəliri olmayan borcalanlara xarici valyutada istehlak kreditlərinin təminatı qismində eyni bankda xarici valyutada olan depozitlər (borcalana yaxud üçüncü şəxsə aid) və ya banka girov qoyulmuş bank metalları çıxış etdikdə KTN əmsalı 90%-dən çox olmadıqda xarici valyutada istehlak kreditləri verilir.

KTN əmsalı (kreditin təminata olan nisbəti) kreditin ümumi məbləğinin (əsas borc və kredit müqaviləsi üzrə hesablanacaq faiz borcu) kredit üzrə təminatın bazar dəyərinə nisbəti əmsalıdır.

İstixəbər.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26