BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Çox vacib adamların otuz ildən sonra baş tutmuş görüşü – FOTO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

1012-ci qrupun məzunlarını bir araya yığan ocaq

“Mənim tələbə dünyam
Nələr yaşayır səndə???
Ömrüm-günüm kövrəlir
Sən yadıma düşəndə.”

Hərənin bir “sən”i olur adətən. Həm də ümumi bir “sən”i var hər kəsin… Ö gözəl illəri yaşayan hər kəsin. Bizim”sən”imizi – unudulmaz tələbəlik illərimizi deyirəm. Bir gün öncə o gözəl illərə – 30 il əvvələ bir daha qayıtdıq …

Söhbət bizim qrupdan – o vaxtkı S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin, indiki Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini 1987-ci ildə bitirmiş 1012-ci qrupdan gedir. Əslində, 31 il ötür tələbəliyə əlvida deməyimizdən, indi bir il geciksək də rəmzi olaraq 30 ildən sonra baş tutan görüş adlandığımız o gözəl gündən ətraflı danışacağam. Əvvəlcədən mənim yayda “qrupu yığaq” təklifimi payızda da olsa  reaallaşdıran 5 illik parta yoldaşım – görüşün “təşkilat komitəsi”nin üzvü Faizə Mehdiyevaya minnətdaram bütün qızlar adından.

Şimaldan 1012-nin görüşünə qubalı tələbə yoldaşım Gülzaman Mədətova ilə getdim. Qubanın çıxacağındakı möhtəşəm arkanın yanında xatirə şəkili çəkdirdik. Sonra paytaxta çatanda düz saat 14-də – bir az da tez Bakı Dövlət Universitetinin qarşısında idik. Məni yaxından tanıyanlar yaxşı bilirlər ki, mən həyatda yalnız informasiya paxılıyam, başqa paxıllığım yoxdu. Etiraf edim ki, indi Bakı Dövlət Universitetinin qarşısında tələsə-tələsə dərsə gedən, zarafatlaşan, söhbət edən gənc tələbələrə baxanda paxıllığım tuturdu, həsədlə baxırdım onlara. Elə Gülzaman da. Gözəl tələbəlik illərinin əvəzi yoxdu, Vallah, heç yoxdur.

aytekin1

Qısası, görüşümüz baş tutdu. Saat 2-dən artıq jurnalistika fakultəsində idik. Sevimli müəllim və işçi kollektivilə isti-ilıq, çox səmimi görüşümüz oldu. (Faizə həmin görüntüləri videolentə aldırırdı). Deyim ki, 1987-nin 1012-ci qrupunun görüşünə, təəssüf ki, yalnız qızlarımız gəlmişdi. Mən Qusardan, Gülzaman Qubadan, Qənirə İmişlidən, Esmira Lənkərandan gəlmişdik, diğərləri isə-Faizə, Mətanət, İradə, Sevinc, Afaq, Dilbər, Mətanət Əsgər qızı isə elə Bakının özündən görüşümüzə qatılmışdılar. Sağ olsunlar və sağ olaq.

Dəyirmi masa ətrafında da səmimi söhbətimiz alındı. Nəsir Əhmədli özünəməxsus səmimiyyətlə görüşü açaraq “bizi də 30 il əvvələ apardınız” dedi. Bu səmimiyyətin müqabilində hər birimiz öz həyat yolumuzdan danışdıq. Esmira Ağayeva, heç bilmirdim, Lənkəran Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri olmaqdan əlavə, Şəhriyarı araşdıran dissertant imiş. Sevinc İsmayılova, Afaq Vasifqızı, İradə Sultanova, Faizə Mehdiyeva müxtəlif mətbu orqanlarda televiziya və film sahəsində çalışdıqlarından danışdılar.

Dilbər Zamanzadə jurnalist işləməsə də Təfəkkür Universitetində bir müddət filologiya – jurnalistika fakultəsinin dekanı olmağından, filologiya elmləri namizədi kimi neçə-neçə jurnalist yetişdirməsindən söz açdı. Fakültədə “bir cüt sona” kimi yadda qalan, həmişə qoşa gəzən İmişlidən olan cütlüyün Qənirəsi bir müddət rayon qəzetində çalışdığını, 1998-ci ildən isə İmişli şəhər 3 saylı məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi işlədiyini dedi. Cütlüyün Mətanət Cəfərovası isə işləməsə də fakultənin diğər məzunu, sonradan hüquq təhsili almış, indi Quba rayon məhkəməsinin sədri olan Xaqani Tağıyevlə evli olduğunu söylədi. Jurnalistika fakültəsi təkcə savadlı mütəxəssis deyil, sevgi üzərində qurulmuş gözəl ailə də hazırlayırsa və Xaqani – Mətanət cütlüyü buna əyani sübutdursa, bunun nəyi pisdir ki????!!!!

Sevgidən yaranan cütlük demiş, elə bizim 1012-də tanış olub evlənmiş və indi dünyalarını dəyişmiş Zöhrab və Mehriban Alməmmədovları xatırlamasaq, günah etmiş olaram. Ruhları şad olsun, tez tərk elədilər bizi. Qrupumuzun Afaq və Aqşin cütlüyü də məhz universitet divarlarında tanış olub ailə həyatı qurublar. Bizim hay-küylü – indi Azərbaycan Dövlət Televiziyasında uşaq -gənclik redaksiyasının böyük redaktoru işləyən Faizə Mehdiyeva da tələbə vaxtı çəkiliş etdiyi qızın qardaşı Nadirlə tanış olub evlənib. Müxtəlif vaxtlarda jurnalistika fakultəsi Araz – Rəbiyyə, Elçin – Dürdanə cütlüyünün də ailə qurmalarının təməl daşı olub. Deməli, savadlı, intellektual  mütəxəssislər də gözəl ailələrdə yetişir. Afaqla Aqşinin indiyədək 7 romanın müəllifi olan oğlu, gənc yazar Elxan Qaraqan, indi “Amerikanın səsi “nin müxbiri olan və türklə ailə həyatı quran qızı Nərminin tanınmasına gedən yolun başlanğıcı olub jurnalistika fakultəsi.

Qubalı qızımız Gülzaman Mədətova 1012-ni bitirəndən sonra 1 müddət Quba radiosunda işləyib, 1990 -cı ildən isə mərhum atası Mədət müəllimin məsləhətilə Ağbil kənd məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyib: “Ehtiyac vardı müəllimə həmin vaxt”,- dedi Gülzaman. Bizimlə bir qrupda 1-ci kursda oxumuş Mətanət Əsgər qızı isə görüşdə “Əsgər ailələrinə dəstək” İctimai Birliyinin rəhbəri kimi fəaliyyət göstərdiyindən söz açdı.

Dəyirmi masa ətrafında keçmiş  müəllimlərimiz də xeyli danışdılar. Sevimlimiz Cahangir Məmmədli, Akif Rüstəmov, Nəsir Əhmədli, o vaxt hamının “sütül müəllim” dediyi Zaur Babayev də bizimlə birgə 30 il əvvələ döndülər. Deyildi ki, jurnalistika fakültəsi heç vaxt reket jurnalist yetişdirməyib, əksinə həmişə halallıq olub burda, kasıb tələbələrə kömək edilib. Akif Rüstəmov belə bir epizod  söylədi ki, “bir tələbəyə yardım vermək istəyirdik, kasıb idi çox, götürmürdü, axırı, bir xeyriyyə sənədi düzəltdik, dedi, hə, bunu götürərəm”.

Cahangir Məmmədli isə bir dəfə Bakıda yol hərəkəti qaydalarınaı pozduğu üçün keçmiş bir tələbəsinin qeyri-adi jestindən danışdı. Amma, onu açıqlamasam yaxşıdır, qoy o da görüşümüzdən bizə pünhan bir xatirə kimi qalsın…

Söhbət zamanı bizim mərhum dekanımız Tofiq Rüstəmov xüsusi hörmətlə anılıb, onun hər kəsə fərdi qaydada diqqət ayırdığı qeyd olunub. Tofiq müəllimin kabinetinə gedəndə icazə aldığımız Xalidə Cavadovanı görmək də xoş oldu. Tofiq müəllimin qızı, indi fakultədə müəllim işləyən Sevinc Məmmədova isə əziz atasının xatirəsini uca tutanlara minnətdarlıq etdi. Rəhmətlik Nüsrət Kəsəmənlinin həyat yoldaşı Rəhilə xanımla da hamımız səmimiyyətlə görüşdük. 1012-nin 24 oktyabr görüşü jurnalistika fakultəsində özümüzün gətirdiyimiz tortla çay süfrəsində və cürbəcür foto sesiyalarımızla davam etdi.

Sonra isə sizdən nuş, universitetin yanında cibimizə uyğun xudmani bir yerdə şam etdik. Hər birimizə çox gözəl əhval-ruhiyyə bəxş edənvə xatirələrin təzələnməsilə müşayiət olunan görüşümüzdə bu qrupdan itirdiyimiz Zöhrab və Mehriban Alməmmədovların, Ədibə Abdullayevanın xatirələri də bizimlə idi. Ruhları şad olsun.

Aytəkin Alxaslı

İstixəbər.info İnformasiya Portalı

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26