BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

8 yaşlı uşağın müəmmalı intiharı: ölümün nə olduğunu bilməyən uşaq özünü necə asa bilər? – Psixoloqdan SOS


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Bir neçə gün əvvəl Zaqatala şəhərində 8 yaşlı məktəbli intihar edib. 2-ci sinif şagirdinin bacısının ad günündə özünü asdığı bildirilir.

Lakin hələ 8 yaşı olan bir uşağın intihar barədə məlumatlı olması, özünü asması, niyə asdığı ilə bağlı bir çox suallar yaradır. 8 yaşlı uşaq özünü niyə assın? 8 yaşlı uşaq intiharın nə demək olduğunu dərk edirmi?

İstixəbər.info bildirir ki, Medicina.az məsələnin aktuallığını nəzərə alaraq bəzi suallara cavab tapmaq üçün psixoloq Xatirə Səfərovaya müraciət edib.

Psixoloq saytımıza açıqlamasında bildirib ki, 8 yaşlı uşaq nəinki intihar etməyin, heç ölümün nə olduğunu dərk etmir: “Bu səbəbdən də özünü öldürmək fikirləri uşaq psixologiyası üçün yad bir anlayışdır. Bu yalnız hansısa bir kompüter oyunun təsiri altında və ya intihar videolarını izləyərək özünü oradakı qəhrəmanlara bənzətmək məqsədilə həyata keçirə bilər. Bu zaman uşaq “oyunun” bu cür nəticələnəcəyindən xəbərsiz olur. Burada söhbət “mavi balina” oyunundan da gedə bilər. Çünki belə oyunlarda və videolarda intiharın yolu, qaydaları açıq-aşkar şəkildə göstərilir. Burada hətta atılan addım intihar məqsədilə olmaya da bilər. O yaşda uşaq sadəcə oyun oynadığını düşünür. Nəticənin isə ölümə apara biləcəyindən xəbərsizdir. Çünki onun hələ ölüm haqda heç bir anlayışı yoxdur”.

X. Səfərovanın sözlərinə görə, insanlarda ölüm və intihar anlayışı əsasən 12 yaşdan sonra formalaşır: “Bu hadisəyə birbaşa münasibət bildirmək də düzgün olmazdı. Çünki 8 yaşındakı uşaq ailədaxili münaqişələr səbəbindən heç vaxt gedib özünü öldürməz. Ümumiyyətlə 8 yaşlı uşağın intihara əl atması çox nadir hallarda rast gəlinən bir hadisədir. 8 yaşında uşaq hələ dünyanı və ölümü dərk edə bilmir. Amma deyə bilərəm ki, uşaqlar müxtəlif məzmunlu cizgi filmlərinə baxaraq özlərini onlara bənzətməyə çalışırlar. Məsələn, o yaşda hansısa uşaq “Hörümçək adam” cizgi filminə baxaraq uçmağa cəhd göstərə bilər. Bu yaşanan hal da sadəcə olaraq bu cür nümunələrdən biri ola bilər. Bu yaşda uşaqlarda depressiya və bu səbəbdən də intihar fikirləri qətiyyən yarana bilməz. Çünki onlar hələ yaşamağın və yox olmağın fərqini ayırd edə bilmirlər. Burada nəsə dəqiq bir fikir söyləmək üçün həmin məkanda olmalı, həmin yeri, hətta uşağın əynində olan paltarı görmək tələb olunur. İndi bütün sadalananlar fərziyyə olaraq qalır”.

“Gizli inkişaf edən problemlərin mövcud olması da fərziyyələrdən biridir” deyən psixoloq sosial şəbəkələrdən qaynaqlanan dərin qorxunun son dövrlər ən çox rast gəlinən məsələ olduğunu əlavə edib: “Son zamanlan uşaqların psixoloqlara gətirilməsinin əsas səbəblərindən biri onlarda yaranan dərin qorxudur. Bu qorxular uşaq sosial şəbəkədə hansısa bir video izləyərkən ekrana qəfil çıxan qorxunc görüntü nəticəsində yarana bilir. Bu, uşaq psixikasında kriz yaradır. Ona görə də uşaqların çoxunda kəkələmə, otaqda tək qala bilməmə, məktəbə getmək istəməmə kimi psixoloji problemlər meydana çıxır. Bu səbəbdən hətta uşaqlarda “panik atak” da yarana bilər. Nəticədə də uşaqların beyinlərində “indi öləcəyəm” kimi fikirlər dolaşa bilər. Bu, hətta 5-8 yaş arası uşaqlarda tez-tez rast gəlinən bir haldır. Bir çox hallarda isə uşaqlarada opsetiv-kompulsiv fikir və davranış pozuntuları yaranan zaman da eyni fikirlər meydana çıxa bilər. Bunun nəticəsində də uşaqlarda ölüm qorxusu yarana bilər. Amma birmənalı şəkildə özünü kəndirlə asma hadisəsini törətmək heç də inandırıcı görünmür.

Həmçinin 8 yaşlı uşağın bacısını qısqanması təqdirdə özünü öldürməsi fikri də absurddur. Çünki qısqanclıq yaşayan uşaq özünü öldürmək yerinə, qısqandığı bacı-qardaşına kitabını cırmaq və ya oyuncağını sındırmaq kimi cəzalar verə bilər”.

Qeyd edək ki, dekabrın 22-də axşam saatlarında Zaqatala şəhər sakini, 2010-cu il təvəllüdlü Eşqin Fərmayıl oğlu Əhmədovun meyiti yaxınları tərəfindən şəhərin Azərbaycan prospektindəki fərdi yaşayış evlərinin birinin həyətyanı sahəsindəki ağacdan asılı vəziyyətdə aşkarlanıb. Faktla bağlı Zaqatala rayon Pokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

İstixəbər.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26